Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək yönümlü 276 min xidmət göstərilib

27 mart 2023, 16:02
A+ A-
Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək yönümlü 276 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri davam edir.

Bu tədbirlər artıq 123 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 276 min xidmət göstərilib. O cümlədən: 

• 103 min şəxsə 115 min sosial ödəniş təyin olunub, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 028 şəxs üzrə birdəfəlik ödəmə, 3,4 min şəxsə sığorta ödənişi verilib;

• Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara, digər həssas qruplara yönələn sosial ödənişlər hər ilin əvvəlindən  artırılıb; 

• Həmin vətəndaşların mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 324 avtomobil təqdim edilib;

• 11 min nəfər 40 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə təmin olunub;

• Reabilitasiya müəssisələrində 2,7 mindən çox şəxsə xidmətlər göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1 903 şəxs 34 minədək reabilitasiya vasitəsi, 406 nəfər 423 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;

• Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 17,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

• Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 78,5 min şəxsə xidmətlər göstərilib və s.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi