Asan Aç

“Könüllü DOST” proqramı ilə bağlı maarifləndirmə işləri davam edir

14 aprel 2023, 10:35
A+ A-
“Könüllü DOST” proqramı ilə bağlı maarifləndirmə işləri davam edir

Milli Aviasiya Akademiyasında “Könüllü DOST” proqramının təbliği ilə bağlı seminar keçirilib. Seminarda DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova “Könüllü DOST proqramı” haqqında məlumat verib. Bildirib ki, könüllülər “DOST” mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak edir, onları məlumatlandırır və xidmət üzrə sənədlərin siyahısı ilə tanış edirlər. Həmçinin müxtəlif anket, forma və s. sənədlərin doldurulması, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

"Könüllü DOST" proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Solmaz Həsənova qeyd edib ki, könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir.

Sonda tələbələrin sualları cavablandırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi