DOST Agentliyinin təşəbbüsü ilə yaradılan “Ahıllar Klubu”nun növbəti görüşü keçirilib. Görüş 5 saylı Bakı DOST Mərkəzində baş tutub.
“Düzgün qidalanma və fiziki aktivliyin sağlamlığa təsiri” mövzusunda keçirilən görüşün budəfəki qonağı keçmiş peşəkar futbolçu (Azərbaycan milli futbol komandasının üzvü), futbol üzrə UEFA sertifikatlı məşqçi, Pilates üzrə beynəlxalq dərəcəli təlimçi Cəmil Hacıyev olub. O, klub üzvlərini fiziki passivliyin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırıb. Fiziki aktivliyin ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malik olduğunu qeyd edib.
Cəmil Hacıyev sağlamlığın fiziki aktivlik sayəsində dəstəklənməsi istiqamətində təlim də keçib. Klub üzvlərinə gündəlik həyatda istifadə etmək üçün bir neçə fiziki hərəkətlər göstərilib. Sonda suallar cavablandırlıb.
Xatırladaq ki, “Ahıllar Klubu” DOST mərkəzləri üzrə evdə (səyyar) sosial xidmətlər göstərilən şəxslərin sosial aktivliyə cəlb edilməsi məqsədi ilə yaradılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi