DOST Agentliyində Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş olub

16 may 2023, 09:46
A+ A-
DOST Agentliyində Ukrayna Ali Radasının  nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdən əvvəl nümayəndə heyəti DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Qonaqlar üçün DOST konsepsiyasına, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar edilib.

Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın sosial sahəni də əhatə etdiyini bildirib. Üç il əvvəl iki ölkənin hökumətləri arasında pensiya təminatı və hərbi qulluqçuların icbari dövlət fərdi sığortası haqqında, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Sosial Siyasət Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədlərinin sosial sahədə əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub.

Ötən dövrdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində əməkdaşlıq təcrübəsinin formalaşdığı diqqətə çatdırılıb. Həmçinin keçən il Ukraynada müharibədən əziyyət çəkmiş bir qrup ukraynalı uşağın ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edildikləri bildirilib.

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi işləri, DOST konsepsiyası, ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.

Olena Kondratyuk Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, sosial sahədə islahatlar prosesində əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb. Görüşdə sosial müdafiə, pensiya, habelə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi