Moldova Azərbaycanın DOST təcrübəsini tətbiq etməkdə maraqlıdır

18 may 2023, 17:13
A+ A-
Moldova Azərbaycanın DOST təcrübəsini tətbiq etməkdə maraqlıdır

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada səfərdədir. Səfərin məqsədi Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas elementi olan DOST konsepsiyasını tanıtmaq, həmçinin bu sahədə moldovalı həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Aleksey Buzu Moldova ilə Azərbaycan arasında sosial sahədə əməkdaşlığın da inkişaf etməsi üçün səylərin göstərildiyini bildirib. O, DOST təcrübəsi, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirakçılarına DOST konsepsiyası, "bir pəncərə" modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib. Görüşdə DOST konsepsiyası barədə geniş təqdimat nümayiş etdirilib. Təqdimatda Agentliyin və DOST mərkəzlərinin iş prinsipləri və xidmətlərin göstərilməsi barədə detallı məlumatlar əks olunub.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində baş tutub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi