Moldovada səfərdə olan DOST Agentliyinin nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.
Moldovanın sosial müdafiə sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarda baş tutan görüşlərdə əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Moldovalı həmkarlar üçün DOST Agentliyinin qiymətləndirmə metodologiyalarından biri olan "DOST İndeks" haqqında geniş təqdimat keçirilib. Təqdimatda xidmətin çevik qiymətləndirmə aləti kimi tətbiqi və üstünlükləri barədə məlumatlar əks olunub.
Səfər çərçivəsində DOST Agentliyinin nümayəndə heyəti Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassasının tabeliyində "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərən xidmət məntəqələrindən birində, həmçinin Çağrı mərkəzində olub. Burada mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, xidmət prosesi və iş prinsipi izah olunub.
Qeyd edək ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Moldova səfəri Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.