Asan Aç

Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

24 may 2023, 14:20
A+ A-
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

Rumıniyada səfərdə olan Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budainin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.

Görüşdə Azərbaycan və Rumıniya arasında dost münasibətlərinə əsaslanan strateji tərəfdaşlığın mövcud olduğu, ölkələrimizin ildən-ilə genişlənən əlaqələrinin sosial sahəni də əhatə etdiyi bildirilib.

Ötən dövrdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, xüsusilə keçən ilin noyabr ayında imzalanan, iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətləri üzrə tədbirləri müəyyən edən Fəaliyyət Planının sosial əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Hökumətlərarası Komissiyanın əmək və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından da əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Azərbaycanda sosial sahədə islahatlar gündəliyi barədə məlumat verilib. Rumıniyada DOST mərkəzləri modelinin tətbiqi perspektivinin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə, həmçinin xidmətlərin avtomatlaşdırılması üzrə təcrübəmizi bölüşməyə hazır olduğumuz bildirilib.

İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Görüşün yekunu olaraq sosial sahədə iki əməkdaşlıq sənədi - Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyinin tabeliyindəki Dövlət Pensiyaları Milli Evi arasında Əməkdaşlıq Protokolu, habelə DSMF ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi yanında Ödənişlər və Sosial Müfəttişlik üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində nazir Sahil Babayev Rumıniyanın iqtisadiyyat naziri Florin Marian Spataru, Rumıniyanın Deputatlar Palatasının sədri İon-Marçel Çolako və Rumıniyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Sorin-Mihay Qrindyanu ilə də görüşlər keçirib.

Görüşlərdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə və böyük quruculuq işləri, həmin ərazilərin Azərbaycanın iqtisadiyyatına və sosial təminat sisteminə reinteqrasiyası üçün görülən tədbirlər, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verilib.

Azərbaycan Avropanın enerji təchizatının, xüsusilə də qaz təchizatının şaxələndirilməsində önəmli rolundan bəhs olunub. Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən Rumıniyanın Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal əlaqə layihəsində iştirakı, iki ölkənin ticarət əlaqələrinin şaxələndirilməsi, əlaqələrin yeni istiqamətlər əsasında genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Nəqliyyat-logistika sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, eləcə də birbaşa uçuşların həyata keçirilməsi imkanları, habelə kənd təsərrüfatı, investisiya, sosial, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. 

Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi