Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təşkil olunan minifutbol çempionatının final mərhələsi keçirilib.
Final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Hikmət Osmanov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov və b. da olub.
Əvvəlcə 3-cü yer uğrunda Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) komandaları mübarizə aparıb və DSMF-nin komandası 4:0 hesabla qalib gələrək çempionatda 3-cü yeri tutub.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifasında konsert proqramı təqdim edildikdən sonra final oyununda qarşılaşacaq komandalar - Nazirliyin tabeliyindəki DOST Agentliyinin və Sosial Xidmətlər Agentliyinin komandaları meydana daxil olub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gərgin mübarizə şəraitində keçən oyunda Sosial Xidmətlər Agentliyinin komandası rəqibini 4:2 hesabıyla məğlub edərək Nazirlik üzrə keçirilən minifutbol çempionatının qalibi olub.
Sahil Babayev, Fərhad Hacıyev, Hikmət Osmanov və b. tərəfindən final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və medallar təqdim edilib.
İyunun 3-dən başlanan minifutbol çempionatında Nazirlik və qurumları üzrə ümumilikdə 12 komanda iki qrupda mübarizə aparıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi