Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi işləri ilə yanaşı, həmin insanlara zəruri istehlak məhsulları ilə yardım edən qurumların sırası getdikcə genişlənir.
Bu sahədə yeni sosial təşəbbüslər kimi, “İrşad Elektroniks” şirkəti sosial təşəbbüslə çıxış edərək, sosial xidmətə götürülmüş 300 tənha yaşayan şəxsə ərzaq yardımı edib.
Həmçinin “Ət və Ət Məhsulları İstehsalı” İctimai Birliyi tərəfindən 1350 tənha yaşlıya ət məhsullarından hazırlanmış ərzaq paylarının verilməsinə başlanıb. “Özgədəbəy” şirkəti isə tənha yaşlılardan 2000 nəfərinə bulaq suyu və mürəbbələr paylayıb. Tənha yaşlılardan daha 2000 nəfəri isə “Aleks-Pastry&Bakery” sirkəti tərəfindən müxtəlif növ un məmulatlarından ibarət yardımla təmin edilib.
Qeyd edək ki, hazırda “Azərmaş” ASC “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə sosial xidmətçi və könüllülərin tənha yaşlıların çağırılan ünvanlarına daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, öz dəstəyini göstərir.
Eyni zamanda, “Binə Aqro” şirkəti 2200, “İSR Holdinq” şirkətlər qrupu 500, “A-Qrup Sığorta” şirkəti də 525 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirib.
Sosial məsuliyyətdən irəli gələn bu təşəbbüslər biznes nümayəndələrinin ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində sosial həmrəyliyə mühüm dəstəyinin və xeyriyyəcilik ənənələrinin davam etdirilməsində fəal iştirakının əyani təzahürüdür.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi