Asan Aç

Bu gün DOST Agentliyinin 5 yaşı tamam olur

9 avqust 2023, 10:18
A+ A-
Bu gün DOST Agentliyinin 5 yaşı tamam olur

Hazırda bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 yaşı tamam olur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Bu konsepsiya  əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 159 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.

Prezident İlham Əliyev “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” deyə vurğulayıb.

Ötən dövrdə 7 DOST Mərkəzi, o cümlədən iki gün əvvəl, avqustun 7-də Bərdədə 9 rayonu əhatə edən Qarabağ Regional DOST Mərkəzi açılmaqla DOST xidmətləri şəbəkəsi daha da genişlənib. Həmçinin 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi istifadəyə verilib.

DOST Mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. Azərbaycanda 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması nəzərdə tutulur.

Ölkəmizin uğurlu sosial islahat təcrübəsi olan DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 13 beynəlxalq mükafat və sertifikatla təltif olunub. O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s. layiq görülüb.

“Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Könüllü DOST” proqramı isə “Global HR Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalib elan olunub.

Eyni zamanda hazırda bir çox ölkələr, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi