Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun rəhbəri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub.
Əvvəlcə qonaqlara DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Daha sonra türkiyəli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Görüşdə DOST Agentliyinin İdarə Heyəti sədri Fərid Məmmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev iştirak edib.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi işləri, DOST konsepsiyası, ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.
Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyətinin 11-15 sentyabr tarixlərində Azərbaycan Respublikasına səfəri çərçivəsində baş tutub. Səfərin məqsədi iki Nazirlik arasında 2022-2023-cü illər üzrə Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti, əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müfəttişlərinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq müstəvisində təcrübə mübadiləsinin həyata keçirilməsidir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi