Ötən il 1,9 milyon vətəndaşı əhatə edən sosial paket icra olunub
"Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib."
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
Minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, bir çox müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məbləğlərinin əhəmiyyətli dərəcədə artırıldığı bildirilib.
Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib.
Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 491 min şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb.
Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub.
Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15 faiz artım baş verib.
Böyük Qayıdış proqramı çərçivəsində işaldan azad edilmiş ərazilərdə geniş miqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlandığı bildirilib. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib.
9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialının açılışı olub.
Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,1% təşkil edib.
Əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib. Hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib.
Nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial məişət xidməti göstərilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib.
Ölkənin sosial reyestri olan “e-sosial.az” portalı üzrə istifadəçilərin sayı 1,5 milyona çatıb, hesabat dövründə portal vasitəsi ilə vətəndaşalara 8 milyondan çox xidmət göstərilib. Sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə nazirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb.
Həyata keçirilən sosial islahatlar beynəlxalq arenada da yüksək qiymətləndirilib, 2023-cü ildə nazirlik 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi