Rusiyanın Sankt-Peterburq şəhərinin əmək və əhalinin məşğulluq komitəsinin sədri Dmitri Çerneyko DOST Agentliyində olub.
Qonaq əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə ona məlumat verilib.
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Dmitri Çerneykoya DOST konsepsiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, dövlət sosial xidmətlərində vətəndaş məmnunluğuna imkan yaradan DOST konsepsiyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.
DOST mərkəzlərində ötən dövrdə 2,2 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Görüşdə DOST modelinin innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.
Rusiyalı nümayəndə DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib.
Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi