Naxçıvan ƏƏSMN-in əməkdaşları DOST mərkəzlərində təcrübə keçib

6 aprel 2024, 12:01
A+ A-
Naxçıvan ƏƏSMN-in əməkdaşları DOST mərkəzlərində təcrübə keçib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı DOST mərkəzlərində təcrübə keçmək üçün Bakıya ezam olunublar. Məqsəd işçiləri “bir pəncərə” prinsipi ilə göstərilən xidmətlərlə tanış etmək, onların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Ezam olunmuş əməkdaşların DOST mərkəzləri üzrə bölgüsü həyata keçirilib. Onlar mərkəzlərdə xidmət prosesi, dəyərlər və prinsiplər barədə məlumatlandırılıb və tərtib edilmiş proqram çərçivəsində təlimlərə cəlb olunublar.

Əməkdaşlar Agentliyin DOST Xidmətləri departamentinin rəhbərliyi ilə görüşüblər. Görüş zamanı qazanılmış təcrübələr barədə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovasiyalar barədə məlumat verilib. Bu innovasiyaların sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb.

DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Prezidentin 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST Mərkəzinin açılışı baş tutub. İndiyədək ölkə üzrə 7 DOST Mərkəzi və 1 “Smart DOST” məntəqəsi fəaliyyətə başlayıb. Bu müddət ərzində 2,2 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98%-dən çoxdur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi