Asan Aç

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib

17 aprel 2024, 17:34
A+ A-
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak edir. 

Forum çərçivəsində S.Babayevlə BSTA-nın prezidenti Məhəmməd Azmanın görüşü olub. Nazir dünyada sosial təminat sistemlərinin təkmilləşdirilməsində BSTA-nın önəmli rolunu vurğulayıb. O, ölkəmizdə aparılan sosial islahatlar prosesində bu mötəbər beynəlxalq Təşkilatla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirib.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumunun (Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Agentliyi) BSTA-nın üzvləri olduğu, daha iki qurumunun (Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) da Təşkilata üzv olmasının nəzərdə tutulduğu qeyd edilib. 2019-cu ildə ölkəmizin Avropa Regional Sosial Təminat Forumuna ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Azərbaycanda son illər aparılan sosial islahatların uğurlarına BSTA tərəfindən daim yüksək qiymət verildiyi, hazırda Portuqaliyada keçirilən Forumda isə Nazirliyin qurumlarının bu Təşkilatın 12 mükafatı ilə təltif olunduğu vurğulanıb. 

Bu ilin fevral ayında Assosiasiya ilə DSMF arasında imzalanmış Memorandumun sosial təminat sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və təşviqi sahəsində iki qurumun əməkdaşlığının genişlənməsinə xidmət etdiyi bildirilib.

M.Azman Nazirliyin BSTA ilə fəal əməkdaşlığından və əlaqələrin daim genişlənməkdə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanda sosial təminat sistemində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb.  

BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano ilə də görüş olub, keçirilən Forumun önəmindən, Assosiasiya ilə Nazirliyin əlaqələrindən bəhs olunub. 

Hər iki görüşdə Nazirlik və BSTA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi