DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub. Aksiya “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Autizm Mərkəzinin həyətyanı sahəsində keçirilib.
Həssas kateqoriyadan olan uşaqlara yerli şəraitə uyğun Eldar şamı tingləri paylanılıb, əkilən tinglərə qulluq qaydaları öyrədilib, “Bizimlə böyüyən ağac” layihəsi ilə bağlı məlumat verilib. “Təmiz Şəhər” ASC tərəfindən uşaqlara ekoloji mühitin qorunması və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb, müxtəlif hədiyyələr verilib.
Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.
Layihə “PAŞA Sığorta” ASC-nin baş sponsorluğu, “McDonald's Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi