Asan Aç

DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib

8 may 2024, 13:58
A+ A-
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib

DOST mərkəzlərində ötən dövrdə 2,6 milyon vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən  məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Tədbirdə DOST Agentliyinin 5 illik fəaliyyəti ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub.

F.Məmmədov bildirib ki, Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2019-cu il mayın 9-da DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasına imkan yaradıb.

Qeyd olunub ki, ötən dövrdə DOST infrastrukturunun genişləndirilməsi işləri aparılıb. Artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Eyni zamanda, işğaldan azad edilmiş bölgələrimizdə DOST xidmətlərinin qurulması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi də istifadəyə verilib. Ümumilikdə 17 yeni Regional DOST Mərkəzinin və həmin mərkəzlərlə yanaşı, ətraf rayonlar üzrə onların 55 filialının da yaradılması, bütün ölkənin DOST xidmətləri ilə əhatə olunması nəzərdə tutulub. Hazırda Naxçıvan, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.

DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Bu mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və s. xüsusi mükafatları yer alır.

Həmçinin DOST Agentliyi dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına layiq görülüb. Hazırda bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.

“Könüllü DOST” proqramından da bəhs olunub. Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqrama ötən dövrdə 112,5 mindən çox müraciət olduğu,  4,8 mindən çox şəxsin “Könüllü DOST” proqramına cəlb edildiyi bildirilib.

F. Məmmədov media nümayəndələrinin suallarını da cavablandırıb.

DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib
DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi