UNICEF-lə birgə layihə üzrə əlilliyi olan 60 gəncin məşğulluğuna dəstək göstəriləcək

17 may 2024, 11:13
A+ A-
UNICEF-lə birgə layihə üzrə əlilliyi olan 60 gəncin məşğulluğuna dəstək göstəriləcək

UNICEF-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinə cəlb edilmiş əlilliyi olan gənclərlə 5 saylı Bakı DOST Mərkəzində görüş keçirilib.

Layihənin məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun əmək bacarıqlarına yiyələnmələrinə, məşğulluq imkanlarının artırılmasına, müvafiq təcrübə imkanlarının yaradılmasına dəstək verməkdir.

İlk mərhələdə 20-yə yaxın təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan 200-dən çox tələbə və məzunla müsahibələr keçirilib. Onlardan 60-a yaxın şəxs layihəyə cəlb olunub.

Görüşdə layihəyə cəlb olunmuş gənclərə təlim proqramı, layihənin növbəti mərhələləri, mövcud imkanlar barədə ətraflı məlumat verilib, interaktiv təqdimatlar edilib.

Növbəti mərhələdə həmin şəxslərin maraqlarına uyğun olaraq müvafiq texniki təlimlərin həyata keçirilməsi, işəgötürənlərlə birgə görüşlər və onlar üçün əmək yarmarkalarının təşkili nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi