Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

 “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2000 manat müəyyən edilmişdir.

“Vətən Müharibəsi Qəhrəmanı” təqaüdü:

Ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

dul arvadına (ərinə), valideynlərinə;

18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;

 

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 (min səkkiz yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

- dul arvadına (ərinə), valideynlərinə;

-18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

-birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına verilir.

 

20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü

1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 600 (altı yüz) manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.

Təqaüd həmin şəxslərin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik vasitəsilə ödənilir.

 

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.

Hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:

  • həyat yoldaşı;
  • valideynləri;
  • 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
  • 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları
  • 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
  • qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələr.

 

Şəhidin qəyyumluğa (himayəçiliyə) verilmiş uşaqlarına "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilərkən qəyyum (himayəçi) ailə tərkibində nəzərə alınmır.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.

Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

                

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis edilmişdir və hər biri 1500 (min beş yüz) manat məbləğində beş yüz fərdi təqaüd müəyyən edilmişdir.

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

 

Fəxri adlara görə aylıq təqaüd

Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün isə 150 manat müəyyən edilmişdir.

Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bir neçə fəxri ada layiq görülmüş şəxsə “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndi ilə müəyyən edilən aylıq təqaüdün yalnız biri, ən yüksəyi verilir.

 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğləri aşağıdakı kimidir:

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat.

 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla)  330 (üç yüz otuz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)” 200 manat məbləğində  Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödənilir.

 

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 600 (altı yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların aşağıdakı ailə üzvlərinə təyin edilir:

-valideynlərinə;

-dul arvadına.

Təqaüd almaq üçün şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edir.

 

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 100 manat müəyyən edilmişdir.

Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə ( bundan sonra – Şəxs) verilir.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.

Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdən hər birinə görə ödənilir.

Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsinə görə təqaüd ödənilmir.

Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir.

Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır:

  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
  • Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddəti bitdikdə və ya ləğv edildikdə;
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.

 

Təqaüdün ödənişi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydasının 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır.

Təqaüd təyin olunandan sonra ödəniş həyata keçirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumunun sifarişi əsasında müvafiq bank şöbəsi tərəfindən verilmiş plastik kartın istifadə müddəti çərçivəsində Şəxsin dəyişdirilməsi ilə bağlı (qulluq edən şəxsin vəfat etməsi, yaşayış yerini dəyişməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istisna olmaqla) müraciət daxil olarsa, yeni təyinat üçün tələb olunan bank xərcləri müraciət edən şəxs tərəfindən ödənilir.

 

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən edilmişdir.

2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

 

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 300 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik ödəyir.

 

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün  məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir.

2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi