Haqqı ödənilən ictimai işlər

Haqqı ödənilən ictimai işlər şəxslərin müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

Qanunun 21.1-ci maddəsinə uyğun olaraq işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təşkil edilir.

Şəxslər  şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri, yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi, kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri, qocalara, əlilliyi olan şəxslərə qulluq, digər sosial əhəmiyyətli işlər kimi istiqamətlər üzrə müddətli müqavilə əsasında  ictimai işlərə cəlb edilirlər.

İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan haqqı ödənilən ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların  konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradır.

Haqqı ödənilən ictimai işlərə cəlb olunma üzrə müqavilələrin rəsmiləşdirilməsi DOST Agentliyinin törəmə təsərrüfat cəmiyyəti olan "DOST İŞ MƏRKƏZİ" MMC tərəfindən təmin edilir.

 

İctimai işlərdə iştirak edən şəxslərin siyahısı:

http://sosial.gov.az/list-of-persons-involved-in-social-work 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi