İmtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası ilə təmin edilməsi

Putyovka (yollayış) - imtiyazlı şəxslərin sanatoriyalarda müalicəsi üçün nəzərdə tutulmuş dövlət tərəfindən təmin edilən qiymətli sənəddir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən aşağıda qeyd olunan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilən imtiyazlı şəxslər hesab edilirlər:

  • İşləməyən əlilliyi olan şəxslər;
  • Əlilliyi olan uşaqlar;
  • II Dünya Müharibəsinin iştirakçıları;
  • Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər;
  • Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar;
  • Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

 

İmtiyazlı şəxslər putyovkanın (yollayışın) əldə edilməsi məqsədilə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edirlər. Sanatoriya-kurort putyovkasını (yollayışını) almaq üçün tələb olunan əsas sənəd əlilliyi olan şəxslərə münasibətdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında göstəriş, digər imtiyazlı şəxslərə münasibətdə isə tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasıdır. Müvafiq göstəriş müəyyən edildiyi, sanator-kurort kartası təqdim edildiyi gündən etibarən şəxs növbəyə götürülür və növbəsi çatdıqda onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilir.

Sanatoriya-kurort putyovkası (yollayışı) Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.

Orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin və ya əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsləri və ya əlilliyi olan uşaqları müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların sanatoriya-kurort putyovkası (yollayışları) ilə təmin olduqları təşkilat tərəfindən təmin olunurlar.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi