Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.
Aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərdir.
İşaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir.
İşsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar.
İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.
Peşəyönümünə dair məsləhət xidmətləri gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləridir
Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.
İşsiz şəxslərin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.
Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayan şəxslər və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
Peşə hazırlığına cəlb olunmuş şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödənilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi