Sosial xidmət müəssisələrinə yerləşdirilmə
Sosial xidmət müəssisələrinə yerləşdirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na əsasən tənzimlənir.
Sosial xidmət müəssisələri - mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada yaradılmış publik hüquqi şəxslərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində aşağıdakı sosial xidmət müəssisələri fəaliyyət göstərir:
Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün məzun evi sosial xidmət müəssisəsi:
Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün məzun evi sosial xidmət müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının müvafiq yaşayış sahəsi ilə təmin edilməsindən irəli gələn fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir.
Ünvan: Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1.
Xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslər üçün sosial xidmət müəssisələri:
Əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.
Bu istiqamətdə aşağıdakı 4 ixtisaslaşdırılmış sosial xidmət müəssisəsi fəaliyyət göstərir:
Ünvan:
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Beynəlminəl küç 20/22;
2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Şamaxı şəhəri, N.Nərimanov küç. 14;
3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Göygöl rayonu, Qırıxlı kəndi;
4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi- Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küç. 76.
Ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisəsi:
Ahıl şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə sosial xidmətlərin göstərilməsi, habelə onlarla sosial işin aparılması və şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir. Müəssisəyə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, digər müəssisə sakinlərinin həyat və sağlamlığına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olmayan ahıl şəxslər qəbul edilirlər. 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər və şəhid ailəsi üzvləri müəssisəyə ilk növbədə qəbul edilirlər.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24.
Əliliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi:
Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzi yüngül və orta dərəcəli əqli geriliyi, fiziki, hissiyyat və psixi pozuntuları olan 15-35 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının təşkili və onlara sosial xidmətlərin göstərilməsi məqsədi ilə stasionar və yarımstasionar (günərzi) formada fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14.
Həssas əhali qruplarından olan şəxslərin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi:
Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan şəxslərin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan 5-29 yaşlı şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi, onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin müəssisəyə stasionar formada qəbul edilmiş bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün nəzərdə tutulmuş yarımstasionar və stasionar sosial xidmətin göstərilməsini, qaynar xətt vasitəsi ilə həssas əhali qrupundan olan şəxslər üçün sosial-məsləhət xidmətinin təşkilini, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.
Müəssisə aşağıdakı şəxslər üçün ixtisaslaşmış sosial xidmət müəssisəsidir:
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km. “33”.
Təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsi:
Təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisəsi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlara stasionar və ya yarımstasionar (günərzi) formada sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının təşkili ilə bağlı xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M. Əzizbəyov küçəsi 84;
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi:
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir.
Ünvan: Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı.
İnsan alveri qurbanlarının yardım mərkəzləri:
İnsan alveri qurbanları və potensial insan alveri qurbanları onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatların verilməsi, hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi, habelə onların sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qayıtmalarına köməklik göstərilməsi məqsədilə insan alveri qurbanlarına yardım mərkəzlərinə qəbul edilirlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi 87 A.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi