Asan Aç

Ünvanlı dövlət sosial yardımı ilə bağlı ümumi məlumatlar

Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır.

 

Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir:

  1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar;
  2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar;
  3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar;
  4. əmək müqaviləsi barədə məlumatlar;
  5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar;
  6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar.

 

Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Ailənin orta aylıq gəlirinin hesablanması zamanı əldə edilmiş kreditlər nəzərə alınmır.

Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində  məhdudlaşdırılır.

 

Sosial yardım təyin edilərkən aşağıdakı şəxslər ailənin tərkibində nəzərə alınmır:

  • Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
  • Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
  • Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
  • Axtarışda olan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
  • Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi