Asan Aç

Ünvanlı dövlət sosial yardımı nədir?

Ünvanlı dövlət sosial yardımı (bundan sonra – sosial yardım) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

 

Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1. Ehtiyac meyarı

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.

Qeyd: Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir.

 

2. Sosial yardımın təyin edilməsi məqsədləri üçün ailə anlayışı

Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.

 

3. Ailənin gəlirləri

Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu.

Qeyd: Ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

  • vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;
  • təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);
  • ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət);
  • ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

 

4. Ailənin orta aylıq gəliri

Ailənin gəlirinin orta aylıq göstəricisi.

Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır.

 

5. Aztəminatlı ailə

Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi