“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması

6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi  zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir:

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra- Agentlik) tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir.

Yekun tibbi müayinənin aparılması prosesinin mərhələləri

Qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçını bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda (ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumatlandırır.

 

Yekun tibbi müayinənin aparılması qaydası

 Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən həyata keçirilir. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Agentlikdə yekun tibbi müayinənin həyata keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur, aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir. Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssisələrinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin çağırışçıya təqdim edilir. Tibbi müayinələrin nəticəsində çağırışçıda bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş prosedur tətbiq edilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir.

 Yekun tibbi müayinənin aparılması müddəti və nəticəsi barədə məlumatlandırma

 Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir:

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur);

- həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır.

Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır.

 Yekun tibbi müayinənin aparılması zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

 Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. Şuranın fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.

 

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi