Kvotadan əlavə iş yerləri dedikdə nə başa düşülür?
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə “Kvota şamil edilməyən müəssisələrin siyahısı” ilə müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatların kvotadan əlavə yaratdıqları iş yerləri başa düşülür.
İşəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı nə qədərdir?
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamalıdır.
İşəgötürənlərin kvotadan əlavə iş yerlərində əməkhaqqının maliyyələşdirilməsi üçün müraciət qaydası necədir?
İşəgötürənlər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində “Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq elektron imza ilə təsdiq edir.
Kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbul hansı qaydada həyata keçirilir?
Kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbulu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir.
İşəgötürənlər tərəfindən kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbul haqqında qərar hansı qaydada verilir?
İşəgötürən “Əmək və məşğulluq” altsistemi tərəfindən elektron qaydada göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində şəxsləri vakansiyaya uyğun işlə təmin etməsi və ya vakansiya üzrə işə qəbulundan imtina etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı “Əmək və məşğulluq” altsisteminə daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
Kvotadan əlavə iş yerlərinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildikdə proses necə tənzimlənir?
Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.
Bunları bilmək lazımdır |
İşəgötürənlərin kvotadan əlavə iş yerləri üzrə işə qəbul etdikləri işçilərlə bağlanılmış əmək müqaviləsi barədə məlumatlar Dövlət Məşğulluq Agentliyi tərəfindən “Əmək və məşğulluq” altsistemi üzərindən yoxlanılır. Kvotadan əlavə iş yerləri: işəgötürənin vəsaiti, yaxud qanunla qadağan edilməyən digər mənbələr hesabına yaradıla bilər; işəgötürənlərdə mövcud olan daimi vakansiyalar kvotadan əlavə iş yerləri hesab edilmir və əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz. |
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi