Əmək birjası vasitəsilə məşğulluq xidmətləri göstərilməsi

Əmək birjası nədir?

Hüquqi və ya fiziki şəxslərdən (Sifarişçi) daxil olan sifarişlər əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən elektron qaydada həyata keçirilən xidmətdir.

Əmək birjasının fəaliyyəti nəticəsində müraciət edənlərin məşğulluğu hansı formada təmin olunur?

Birja sifarişçinin (birjaya sifariş verən hüquqi və ya fiziki şəxslər) müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.

Kimlər birjada iştirak edə bilərlər?

İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs birjada qeydiyyata alınmaq hüququna malikdir.

Əmək birjası hansı məqsədlə təşkil olunur?

Əmək birjası işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə təşkil olunur.

Birjada qeydiyyata alınmaq istəyən işaxtaran və işsiz şəxs nə etməlidir?

Bunun üçün həmin şəxs “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək və Məşğulluq” altsistemində “Müraciət-Ərizə” (“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq) formasını doldurmalıdır.

Birja tərəfindən sifarişlər necə qəbul edilir?

Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminin “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti” Qaydasının 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə”  əsasında, telefon vasitəsilə və ya birbaşa Agentliyin müvafiq yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur.

Birja sifarişi telefon vasitəsilə qəbul olunduqda necə qeydə alınır?

Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilir.

Sifarişçi ilə işaxtaran və ya işsiz şəxs arasında münasibətlər necə tənzimlənir?

Tərəflər arasında münasibətlər onlar arasında bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.

Bunları bilmək lazımdır

Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir.

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”na 1 nömrəli əlavədə işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslərin Birjada qeydiyyata alınması üçün “Müraciət-Ərizə”-də aşağıdakı məlumatlar əks olunur:

·         Fərdi identifikasiya nömrəsi

·         İşaxtaran kimi qeydiyyat nömrəsi

·         İşsiz kimi qeydiyyat nömrəsi

·         Soyadı, adı, atasının adı

·         Elektron poçt ünvanı (olduğu halda)

·         Telefon nömrəsi

·         İxtisası/peşəsi

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi