İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılması ilə əlaqədar müraciətlərin qəbul edilməsi

İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsinə dair müqavilənin (bundan sonra – Müqavilə) bağlanması ilə bağlı tibb müəssisələrinin rəhbərlərinin və ya qanuni nümayəndələrinin müraciətləri “DOST” mərkəzlərində qəbul edilir. Tibb müəssisəsinin nizamnaməsində və ya əsasnaməsində etibarnamə vermək hüququ nəzərdə tutulduğu halda, müəssisə tərəfindən verilmiş etibarnamə əsasında həmin müəssisənin əməkdaşı tərəfindən müraciət edilə bilər. Digər hallarda müraciət notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında həyata keçirilir. Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) arasında bağlanılır. Müqaviləyə əsasən, tibb müəssisəsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) və müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

 

Müraciətə baxılması və cavablandırılması

Müqavilənin bağlanması ilə bağlı müraciətə daxil olduğu gündən qanunvericilikdə nəzərədə tutulmuş müddətdə DTSEA-nın müvafiq struktur bölməsi tərəfindən baxılır. Təqdim olunan sənədlər uyğun olduğu təqdirdə müəssisənin rəhbəri müqavilənin bağlanılması ilə bağlı DTSEA-ya dəvət olunur. Müvafiq sənədlər müqavilənin bağlanılmasına əsas vermədikdə imtina ilə bağlı qəbul olunmuş qərar müraciət edən tibb müəssisəsinə ünvanlanır.

 

Tələb olunan sənədlərin siyahısı

  1. Ərizə;
  2. Tibb müəssiəsinin imza və möhürlü müraciət məktubu;
  3. Tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya və ona əlavənin surəti;
  4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında reyestrdən çıxarış;
  5. Tibb müəssisəsinin rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin (xarici ölkə vətəndaşlarına münasibətdə daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi) və tibb müəssisəsi rəhbərinin əmrinin surəti;
  6. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;
  7. Tibb müəssisəsinin nizamnamə və ya əsasnaməsinin surəti;
  8. Bank rekvizitləri;
  9. Tibb müəssisəsində göstərilməsi planlaşdırılan tibbi xidmətlərin siyahısı;
  10. Müəssisə və şəxsi heyət barədə məlumatlar (müəssisənin strukturu, çarpayı fondu, statik IP ünvanı, ünvanı və əlaqə vasitələri).

 

Müqavilə üzrə tərəflərin hüquq və vəzifələri

Agentliyin hüquqları aşağıdakılardır:

  1. Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;
  2. Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;
  3. Tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
  4. Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

  1. Tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;
  2. Sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;
  3. Sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;
  4. Tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

 

Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

  1. Göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;
  2. Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;
  3. Media subyektlərinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

 

Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

  1. Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;
  2. Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;
  3. Sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;
  4. Sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;
  5. Sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;
  6. İxtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;
  7. Həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

 

Müqavilə hansı müddətə bağlanılır?

Müqavilə 1 il müddətinə bağlanılır.

 

İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin yenilənməsi ilə bağlı müraciət edilməsi

İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi ilə bağlı aktiv müqaviləsi olan tibb müəssisəsi müqavilə müddətinin başa çatmasına 30 gün qalmış yenilənmə ilə bağlı təkrar müraciət edə bilər. Bu halda şəxs (tibb müəssisəsi) tərəfindən ilkin müraciətdə tələb olunan bütün sənədlər təqdim olunur və şəxsin ərizəsi DTSEA-ya kargüzarlıq olunur.

 

İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə xitam verilməsi şərtləri

Müqavilə hər iki tərəf tərəfindən imzalandığı gündən qüvvəyə minir və aşağıdakı hallarda Müqaviləyə xitam verilir:

  1. Agentliyin Müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, tibb müəssisəsi tərəfindən təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görülmədikdə;
  2. Tərəflərdən biri ləğv edildikdə;
  3. Tərəflərdən biri 1 (bir) ay əvvəl yazılı şəkildə məlumatlandırdıqda;
  4. Tibb müəssisəsi tərəfindən öhdəliklər Müqavilə üzrə 1 (bir) il ərzində 5 dəfə tam və ya lazımi qaydada icra edilmədikdə.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi