Beynəlxalq Qızlar Günü münasibətilə Nazirlikdə bir qrup fəal gənc qızın iştirakı ilə gender mövzusunda müzakirə aparılıb

7 oktyabr 2022, 17:51
A+ A-
Beynəlxalq Qızlar Günü münasibətilə Nazirlikdə bir qrup fəal gənc qızın iştirakı ilə gender mövzusunda müzakirə aparılıb

11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə keçirilən kampaniya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əsasən həssas qruplara (şəhid övladları, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum gənclər, internat məktəblərində təhsil alanlar) aid bir qrup fəal gənc qızla görüş olub, onların iştirakı ilə gender mövzusunda müzakirə  aparılıb.

Kampaniya Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin “Aİ gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı”, BMT-nin Əhali Fondunun “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin fəaliyyəti, son illərdə ölkəmizdə aparılan sosial islahatlar, həssas qruplara yönələn sosial dəstək proqramları barədə məlumat verib.  

Ölkəmizdə gender bərabərliyinə təminat verən milli qanunvericilik bazası yaradıldığı, məşğul əhali tərkibində qadınların xüsusi çəkisinin ildən-ilə artaraq 48,3 faizə çatdığı, qadınların aktiv məşğulluq proqramlarında iştirakına geniş şərait yaradılması üçün görülən işlər qeyd olunub.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası sahəsində görülən tədbirlər barədə məlumat verilib.

Qızların ictimai həyatda və əmək bazarında fəal iştirakının təşviqi, onların təhsili, peşə seçimi, karyera inkişafının dəstəklənməsi və s. mövzularda fikir mübadiləsi aparılıb.

Kampaniyada məqsəd cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək, onların ictimai fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına şərait yaratmaqdır.  Kampaniya iştirakçıları qurumların gender bərabərliyinin təşviqi üzrə fəaliyyətləri  ilə tanış olur, rəhbər şəxslərlə göruşərək onları maraqlandıran suallara dair müzakirələr aparırlar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi