Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Jojef Torman və ticarət üzrə səfir Ruslana Dunaş Varqa DOST Agentliyində olub. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Fərid Məmmədov qonaqları DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edib. Bildirilib ki, 2019-cu ilin may ayından indiyədək 5 DOST mərkəzi açılıb.
"Bu müddət ərzində DOST mərkəzlərinə ümumilikdə 1,2 milyon şəxs müraciət edib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98,2 faizdir. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət "bir pəncərə"dən təqdim edilir", - deyə Fərid Məmmədov əlavə edib.
Fərid Məmmədov qonaqlara bu ilin 21-22 mart tarixlərində Macarıstana səfəri barədə də məlumat verib. Bildirib ki, Macarıstanın İnnovasiyalar Nazirliyi, eləcədə İnsan Resursları Nazirliyindəki görüşləri, sosial sahədə fəaliyyət göstərən müəssisələrə səfəri zamanı DOST Agentliyi ilə Macarıstanın müvafiq qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar innovativ DOST təcrübəsinin onlarda böyük marağa səbəb olduğunu qeyd ediblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi