Moldova nümayəndə heyəti DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub

10 aprel 2023, 18:45
A+ A-
Moldova nümayəndə heyəti DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) olub.

Mərkəzin direktoru Kənan Əkpərov son illər Azərbaycanda aparılan geniş miqyaslı sosial islahatlar çərçivəsində sosial xidmətlərin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları diqqətə çatdırıb.

Azərbaycanda son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində qurulan rəqəmsal infrastruktur, e-sistemlər üzərindən proaktiv təyinat mexanizmləri barədə nümayəndə heyəti üçün təqdimat edilib. Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı, e-sistem üzərindən 51 proaktiv xidmətin fəaliyyət göstərdiyi bildirilib.

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi barədə də məlumat verilib, qonaqların sualları cavablandırılıb.

Azərbaycanda sosial sahədə xidmətlərin elektronlaşdırılması üzrə son illərdə əldə olunan uğurlu təcrübənin öyrənilərək tətbiqinə maraq göstərən ölkələrdən biri də Moldovadır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu tərəfindən imzalanan, iki Nazirlik arasında əməkdaşlıq üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən yeni Fəaliyyət Planında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması da əksini tapır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi