Belarus Respublikasının rəsmiləri DOST Agentliyində olublar. Ədliyyə nazirinin birinci müavini Natalya Filippovanın başçılıq etdiyi nümayəndə heyətinə Belarus Respublikasının Xidmət və Təkrar Mühəndislik Agentliyinin departament rəisi Sergey Çernışev və Milli Elektron Xidmətlər Mərkəzinin direktor müavini Denis Jukov da daxil olub.
Əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə nümayəndə heyətinə məlumat verilib. Qeyd edilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
Daha sonra Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təqdimat keçirilib. Təqdimatda DOST Agentliyinin yaranma tarixi, keçdiyi inkişaf yolu, qəbul edilən model, dövlət tərəfindən göstərilən dəstək və s. kimi məsələlərə toxunulub. Yaxın vaxtlarda Moldova Respublikasında DOST modelinin tətbiqinə başlanılacağı, Özbəkistanla təcrübə mübadiləsinin aparıldığı və Belarus Respublikası ilə də əməkdaşlığa hazır olduğumuz vurğulanıb.
Qeyd edək ki, görüş Belarus Respublikası Ədliyyə Nazirliyinin rəhbər əməkdaşlarının ölkəmizə səfəri çərçivəsində baş tutub. Məqsəd Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi və bu sahədə rəqəmsallaşmanın tətbiqi təcrübəsinin öyrənilməsidir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi