Asan Aç

Tacikistan nümayəndə heyəti DOST Mərkəzində olub

27 fevral 2024, 17:47
A+ A-
Tacikistan nümayəndə heyəti DOST Mərkəzində olub

Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olublar.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Daha sonra nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilib. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları salamlayıb. DOST konsepsiyası barədə qonaqlara məlumat verib. O qeyd edib ki, dövlət sosial xidmətlərində vətəndaş məmnunluğuna imkan yaradan DOST konsepsiyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür və Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

“DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, DOST mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət şəxslərə də xidmətlər göstərilir. Vahid əlaqələndirmə mərkəzlərində göstərilən bu xidmətlərdən indiyədək 300 mindən çox şəxs yararlanıb. Fərid Məmmədov qeyd edib ki, bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.

İdarə Heyətinin sədri onu da bildirib ki, yaxın vaxtlarda Moldova Respublikasında DOST modelinin tətbiqinə başlanılacaq. O, hazırda Özbəkistanla təcrübə mübadiləsinin aparıldığını və DOST Agentliyi olaraq Tacikistan Respublikası ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, görüş Tacikistan nümayəndə heyətinin 26 fevral – 1 mart tarixlərində Dünya Bankının xətti ilə ölkəmizə səfəri çərçivəsində baş tutub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi