
DOST Agentliyinin icra etdiyi əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığını dəstəkləyən Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində inklüziv məşğulluq və əməkdaşlıq imkanlarına həsr olunmuş dəyirmi masa keçirilib.
Görüşdə dövlət qurumlarının nümayəndələri, işəgötürənlər, tərəfdaş təşkilatlar və proqram iştirakçıları bir araya gəliblər. Tədbirin məqsədi əlilliyi olan gənclərin təcrübə və məşğulluq imkanlarının genişləndirilməsi, həmçinin bu istiqamətdə mövcud potensialın və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Dəyirmi masada TAP layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və gələcək hədəflərə dair təqdimat edilib. Bildirilib ki, 2023-cü ildən icra olunan proqram ötən müddət ərzində əlilliyi olan gənclərin fərdi və peşəkar inkişafının dəstəklənməsi istiqamətində mühüm uğurlara imza atıb. Layihə çərçivəsində iştirakçıların yumşaq bacarıqlarının inkişaf etdirilməsi, sahəvi təlimlərə cəlbi, mentorluq və təcrübə proqramlarında iştirakı təmin olunur, eləcə də onların iş imkanları dəyərləndirilir.
Müzakirələr zamanı tərəfdaş qurumlarla əməkdaşlıq imkanları, inklüziv iş mühitinin təşviqi və əlilliyi olan gənclərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda benefisiarların uğur hekayələri paylanılaraq proqramın gənclərin həyatına verdiyi müsbət töhfələr diqqətə çatdırılıb.
Tədbirin sonunda inklüziv məşğulluq istiqamətində dövlət, özəl sektor və vətəndaş cəmiyyətləri institutları arasında tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi