
DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramına cəlb olunan tələbələrə EY şirkətində yumşaq bacarıqların inkişafı və karyera quruculuğu təlimi keçirilib. Təlimdə iştirakçılara professional CV hazırlanması, işəqəbul prosesində müsahibədə suallara düzgün cavab verilməsi və növbəti mərhələlər barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıların həm əyani, həm də onlayn qoşula bildiyi hibrid formatda baş tutub. Görüş zamanı həmçinin iş mühiti ilə tanışlıq turu da təşkil olunub.
İnteraktiv mühitdə baş tutan təlimdə EY şirkətinin əməkdaşı Sevinc Osmanlı iştirakçıların işə qəbul prosesi ilə bağlı suallarını cavablandırıb, onlara proses barədə praktiki məlumat və tövsiyələr verib.
Qeyd edək ki, Tələbələrin Akselerasiya Proqramının məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi