
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən həyata keçirilən Tələbələrin Akselerasiya Proqramının (TAP) növbəti iki qrupu inkişaf proqramının birinci modulunu uğurla tamamlayıb.
Proqram vasitəsilə iştirakçılar yerli və beynəlxalq tərəfdaşlarların təşkil etdiyi təlimlərdə, mentorluq görüşlərində və inkişaf fəaliyyətlərində iştirak edərək şəxsi və peşəkar bacarıqlarını inkişaf etdiriblər.
Modul ərzində iştirakçılara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Dövlət Məşğulluq Agentliyi və EY təşkilatının mütəxəssisləri tərəfindən hibrid formatda təlimlər keçirilib. DOST Agentliyinin əməkdaşları tərəfindən fərdi mentorluq dəstəyi göstərilib.
Həmçinin beynəlxalq təcrübədə istifadə olunan, rəqəmsal bacarıqların inkişafına yönəlmiş xüsusi sessiyalar, iştirakçıların sosial inteqrasiyasını gücləndirmək məqsədilə şəbəkələşmə görüşləri təşkil edilib.
Nəticədə iştirakçıların özünəinamı, kommunikasiya və komanda işi bacarıqları, karyera planlaması üzrə bilikləri inkişaf etdirilib. Mentorların dəstəyi ilə iştirakçılar şəxsi inkişaf və karyera məqsədlərini müəyyənləşdirərək, bu istiqamətdə yol xəritəsi hazırlayıblar.
İştirakçılar növbəti mərhələdə yumşaq bacarıqlar və texniki biliklərin artırılması ilə bağlı təlimlər, mentor dəstəyi, təcrübə proqramları imkanlardan istifadə edərək əmək bazarına hazırlıq prosesini davam etdirəcəklər.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi