
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun (Sosyal Güvenlik Kurumu) İnformasiya Texnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyini ziyarət edib.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 164 növ xidmət “bir pəncərə”dən təqdim olunur. Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü, bir sıra ölkələrin bu təcrübələrimizin tətbiqinə maraq göstərdikləri vurğulanıb.
Nümayəndə heyəti üçün DOST konsepsiyasına dair təqdimat edilib, ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi