DOST Agentliyində “Sağlamlıq həftəsi” təşəbbüsünə start verilib

12 oktyabr 2026, 14:29
A+ A-
DOST Agentliyində “Sağlamlıq həftəsi” təşəbbüsünə start verilib

DOST Agentliyində əməkdaşların sağlamlığının və rifahının dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi məqsədilə “Sağlamlıq həftəsi” təşəbbüsünə start verilib.

12-16 oktyabr tarixlərində keçiriləcək layihənin əsas məqsədi əməkdaşların sağlamlıqla bağlı məlumatlılığını artırmaq, profilaktik yanaşmaları təşviq etmək və sağlamlıq yönümlü fəaliyyətləri iş mühitinin bir hissəsinə çevirməkdir. Bu təşəbbüsdə sağlamlıq mövzusuna təkcə fərdi məsuliyyət kimi deyil, həm də sağlam iş mühitinin və güclü təşkilati mədəniyyətin vacib elementi kimi yanaşılır. Həftə ərzində sağlamlığın müxtəlif istiqamətləri üzrə maarifləndirici sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq.

“Sağlamlıq həftəsi”nin ilk günü göz sağlamlığı mövzusuna həsr olunub. "Batı Göz" klinikasının əməkdaşlığı ilə keçirilən maarifləndirici infosessiyada göz sağlamlığının qorunması və profilaktik müayinələrin əhəmiyyəti diqqət mərkəzində olub. Əməkdaşlar üçün göz müayinələrinin təşkili də nəzərdə tutulub.

Beş gün davam edəcək proqram çərçivəsində sağlam qidalanma,“Çəhrayı lent”, İlk yardım, Stress və metabolik sindrom, Sağlam düşüncə, Gənclərdə gizli hipertenziya (arterial təzyiq yüksəkliyi) kimi mövzularda maarifləndirici sessiyalar və fəaliyyətlər keçiriləcək. Beləliklə, təşəbbüs sağlamlığa kompleks yanaşmanı təşviq edərək əməkdaşların həm fiziki, həm də psixoloji rifahına diqqətin artırılmasına xidmət edir.

Həftənin fərqləndirici elementlərindən biri isə “5 gün. 5 sağlam vərdiş. Daha sağlam DOST!” adlı "mini-challenge"-dir. Bu çağırış əməkdaşları gündəlik fiziki aktivliyə vaxt ayırmağa, kifayət qədər su içməyə, sağlam qidalanmağa, gözlərinə mütəmadi fasilə verməyə və gün ərzində qısa rifah fasilələri etməyə təşviq edir.

Təşəbbüsün əsas mesajı sadədir: sağlam həyat tərzinə başlamaq üçün böyük dəyişikliklərə ehtiyac yoxdur. Bəzən gündəlik atılan kiçik addımlar uzunmüddətli müsbət dəyişikliklərin başlanğıcı olur.

“Sağlamlıq həftəsi” DOST Agentliyində əməkdaş rifahına yönəlmiş yanaşmanın gücləndirilməsinə və daha sağlam iş mühitinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi