
“SOCGOV 2026” sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, ağıllı idarəetmə modellərinin tətbiqi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov oktyabrın 23-də Xankəndidə baş tutacaq "SOCGOV 2026" beynəlxalq forumu ilə bağlı Agentlikdə keçirilən mətbuat konfransında bildirib.
Qeyd olunub ki, “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunan konfrans yerli və beynəlxalq ekspertləri bir araya gətirəcək. Tədbir sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiq perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi məqsədi daşıyır. Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi nüfuzlu qurumların rəsmi təqvimində yer alan Forumda dünyanın 10-dan çox ölkəsindən nümayəndənin iştirakı gözlənilir.
Məkanın Xankəndi olaraq seçilməsinin simvolik əhəmiyyət daşıdığı, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğu vurğulanıb.
Fərid Məmmədov bildirib ki, tədbir çərçivəsində TEDx formatında debatlar və tematik işçi qrupları ilə müzakirələr təşkil olunacaq. Müzakirələrin mərkəzində rəqəmsal analitika, süni intellektin sosial xidmətlərə tətbiqi, etik idarəetmə və məlumatlara əsaslanan qərarvermə dayanır.
Forumda sosial xidmətlər sahəsində süni intellekt əsaslı innovativ həlləri təşviq edən "AI4DOST Social Award" beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur. Müsabiqəyə sosial sahədə süni intellekt həlləri hazırlayan startaplar, sosial könüllülük və vətəndaş təşəbbüsləri ilə seçilən layihələr, bu sahəyə elmi töhfə verən tədqiqatlar və regional səviyyədə fərq yaradan sosial təşəbbüslər təqdim olunub. Bununla yanaşı, ilin gənc sosial innovatoru, sosial transformasiyanın lideri və sosial sahəyə davamlı töhfə verən şəxslər üçün fərdi mükafatlar da təqdim olunacaq.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi