Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, bir sıra elektron yeniliklərini təqdim etdi

14 dekabr 2020, 15:04
A+ A-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, bir sıra elektron yeniliklərini təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətinin təqdimatını etdi.

Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır. Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış hərbçi, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür.

Qeyd edilib ki, şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir həftədə şəhidlərin artıq 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir. Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür.

Nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır. Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb. Həmin vaxtdan bu ilin 1 dekabrına qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qeyd edib ki, bu gün daha 4 proaktiv xidmət, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim edilir.

Yeni 4 proaktiv xidmət aşağıdakılardır:

  • Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;
  • Şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;
  • Məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi;
  • Sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidməti;

Yeni 2 e-xidmət isə bunlardır:

  • Dövlət sosial sığorta sistemində xüsusi hesabın aktivləşdirilməsi;
  • Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu elektron xidməti.

Yeni 5 e-arayış xidməti:

  • Milli Qəhrəman ailə üzvü olması barədə;
  • Şəhid ailə üzvü olması barədə;
  • Əmək veteranı olması barədə;
  • Fəxri adının olması barədə;
  • Övladlığagötürmə barədə.

Bildirilib ki, e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib.

Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan, 31-i proaktivdir, e-arayış xidmətlərinin sayı isə 20-yə çatır.

 

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi