Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
Fərmanla təsdiq edilmiş Qaydaya əsasən, onlar “Çağrı mərkəzi” vasitəsilə Mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, digər sahələrlə bağlı xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, Mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. “Çağrı mərkəzi” vasitəsilə xidmət göstərilməsi barədə müraciətlər xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün qeydə alınacaq.
Sağlamlıq vəziyyəti məhdud olduğundan mərkəzlərə gələ bilməyən şəxslərə isə yaşadıqları və ya olduqları yerdə mərkəzin iş qrafikinə uyğun səyyar formada xidmətlər göstəriləcək. Hər iş gününün sonunda Mərkəzə daxil olmuş müraciətlər əsasında növbəti iş günü üçün səyyar xidmət göstərilməsi qrafiki hazırlanaraq təsdiq edilməklə, səyyar xidməti göstərəcək əməkdaşlar müəyyən ediləcək.
Qaydaya görə, səyyar xidmət üçün müraciət “Çağrı mərkəzi”nə zəng vurmaqla edilir. Şəxsin müraciəti zamanı “Çağrı mərkəzi”nin operatoru müvafiq xidmət göstərilməsi üçün əsas şərtləri (icra müddəti, normativ hüquqi aktlara istinad etməklə tələb olunan sənədlər) izah edir, zəruri sənədlərin şəxsdə mövcud olub-olmadığını öyrənir.
Şəxsin əldə etmək istədiyi xidmətlə bağlı müraciətinin qəbulu üçün Mərkəzdə göstərilən digər xidmət göstərilməsi də tələb olunduqda, ona həmin xidmət də təklif ediləcək. Şəxs səyyar xidmət göstərilməsi şərtləri ilə razılaşdıqda və xidmət göstərilməsi üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə, ona dair məlumatlar (soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxtı, FİN) öyrənilərək qeyd ediləcək.
Bundan sonra operator xüsusi proqram təminatı vasitəsilə xidmət göstərilməsi üçün uyğun olan vaxtı (tarix və saat) müəyyənləşdirməklə və şəxslə razılaşdırmaqla, müraciəti qəbul edib təsdiqləyəcək. Həmin müraciət xüsusi proqram təminatı vasitəsilə müvafiq Mərkəzə ötürüləcək və müraciəti edən şəxsə səyyar xidmətin göstərilməsi təmin olunacaq.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi