Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa Sosial Şəbəkəsi (European Social Network - ESN) tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edib. F. Məmmədov bu tədbirə Şura üzvü statusunda qatılıb və spiker qismində plenar iclasda çıxış edib. Konfrans sosial xidmətlərin gələcəyinin yeni müstəvidə inkişafı barədə müzakirələrə həsr olunub.
Müzakirələr zamanı COVİD-19 pandemiyası dövründə DOST Agentliyinin üzləşdiyi problemlər, ƏƏSMN və Agentlik tərəfindən sosial xidmətlərin göstərilməsinə dair qəbul edilmiş və icrası təmin olunmuş çevik qərarlar, distant, o cümlədən mobil və elektron xidmətlər, eləcə də yeni xidmət formaları barəsində ictimaiyyətin geniş məlumatlandırılması önə çəkilib. DOST Agentliyi tərəfindən tətbiq edilən bir sıra səmərəli layihə və yanaşmaların – Könüllülük, Mobil xidmətlər, Çevik idarəetmə proseslərinin yenilikçi və mütərəqqi olması ESN üzvləri tərəfindən xüsusi olaraq qeyd olunub.
DOST Agentliyinin təcrübələri, eləcə əldə edilən nailiyyətlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bir çox məsələlərdə Agentliyin uğurlu təcrübəsinin öyrənilməsi üçün məsləhətlər alınıb.
DOST Agentliyinin təklifləri, xüsusilə də xidmətlərin tam rəqəmsallaşdırılması, güvənli hökumət və çevik idarəçilik mövzusunda təcrübəsi diqqətə səbəb olub və növbəti konfransın gündəliyinə salınması məsələsi nəzərdən keçirilib. Həmin məsələlər müzakirə olunarkən Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olmadığına baxmayaraq, Aİ ölkələrində sosial xidmətlərin təkmilləşdirilməsi məsələsində ölkəmizin təcrübəsinin öyrənilməsinin əhəmiyyətli olduğu qeyd olunub.
Qeyd edək ki, konfransda iştirak DOST Agentliyinin ESN ilə əməkdaşlığının davamıdır. Belə ki, 2020-ci ilin oktyabr ayında DOST Agentliyi ESN-in təşəbbüsü olan ESSA mükafatı (European Social Services Award) müsabiqəsində “Sosial xidmətləri dəstəkləyən texnologiya alətləri” kateqoriyasında “Life with rights and dignity: more than life” (“Hüquqi və ləyaqətli həyat: həyatdan daha artıq”) adlı layihə ilə iştirak edib və finalçılar siyahısına daxil olub. ESN bu potensialı yüksək qiymətləndirərək DOST Agentliyinə şəbəkəyə üzv olmaq təklifi ilə müraciət edib.
Xatırladaq ki, DOST Agentliyinin inkişaf sürəti, toplanılmış qabaqcıl təcrübəsi, xarici ölkələr ilə təcrübə mübadiləsi və inkişaf meylləri nəzərə alınaraq, 2021-ci ilin yanvar ayında Avropa Sosial Şəbəkəsinə Şura Üzvü statusunda qəbul edilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi