"Avropa Sosial Xidmətlər Mükafatı 2021" mükafatı üçün müraciətlərin qəbulu davam edir

25 avqust 2021, 11:36
A+ A-

Avropa Sosial Şəbəkəsi (ASŞ) son aylarda sosial xidmətlər sahəsində göstərilən təşəbbüsləri və əldə olunan nəticələri dəyərləndirmək məqsədilə "Avropa Sosial Xidmətlər Mükafatı 2021"-ə namizədlərin müraciətlərini qəbul edir. 5 kateqoriya üzrə müsabiqədə iştirak etmək mümkündür:

- Sosial innovasiyalar,
- Uğurlu komanda,
- Kollaborasiya təcrübəsi (və ya kollaborativ iş),
- Araşdırma təcrübəsi (və ya işi),
- Texnologiya alətləri.

Bu mükafat pandemiya dövründə yeni innovativ təcrübənin tətbiqi, insanları qayğı ilə təmin etmək üçün kreativ həllər, böhran vəziyyətində çevik olmaq üçün digər sektorlarla əməkdaşlıq, eləcə də yeni texnologiya alətlərinin istifadəsi və COVİD-19 pandemiyasının sosial xidmətlərə təsiri barədə məlumatlılığı artıran araşdırmaların təşviqini nəzərdə tutur.

Müsabiqədə iştirak etmək arzusunda olan təşkilatlar 3 senytabr 2021-ci il tarixinə qədər bu keçiddə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında DOST Agentliyi sosial xidmətlərin vətəndaşlara sürətli və maneəsiz çatdırılması sahəsində islahatlar və innovasiyalar tətbiq edən qurum kimi Avropa Sosial Şəbəkəsi tərəfindən elan edilmiş “Avropa Sosial Xidmətlər üzrə Mükafat” (ESSA-2020) müsabiqəsində “Texnologiya alətləri” nominasiyasında “Life with rights and dignity – more than life” adlı layihə ilə iştirak etmiş və finalçılar siyahısına daxil edilmişdir.

Müsabiqə zamanı və sonrakı dövrdə DOST Konsepsiyasının uğurlu tanıdılması nəticəsində 14 dekabr 2020-ci il tarixində DOST Agentliyi Avropa Sosial Şəbəkəsindən həmin Şəbəkənin Şura üzvlüyünə dair dəvət almış, dəvət qəbul edilmiş və DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şura üzvü statusunu qazanmışdır.

30 iyun – 1 iyul 2021-ci il tarixlərində Avropa Sosial Şəbəkəsi tərəfindən keçirilmiş və sosial xidmətlərin gələcəyinin yeni müstəvidə inkişafına həsr olunmuş beynəlxalq konfransda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ekspert qismində iştirak etmiş, DOST Agentliyinin və mərkəzlərinin təcrübəsindən çıxış edərək növbəti illərin fəaliyyətinə dair strateji əhəmiyyətli tövsiyə və təkliflər səsləndirmiş, təkliflər 2022-ci ildə keçirilməsi planlaşdırılan ASŞ konfransının gündəliyinə və müzakirə tezislərinə daxil edilmişdir.

Qeyd edək ki, ESSA-2021 müsabiqəsində DOST Agentliyi “Uğurlu komanda” və “Sosial innovasiyalar” nominasiyalarında yeni layihələr ilə iştirak edir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi