DOST mərkəzləri yarım milyonuncu vətəndaşa xidmət etdi

1 sentyabr 2021, 16:27
A+ A-
DOST mərkəzləri yarım milyonuncu vətəndaşa xidmət etdi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində 500 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Bakının Binəqədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Elmir Bayramlı 4 saylı Bakı DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu xidməti ilə bağlı müraciət edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğuna uyğun təşkili Agentliyin əsas fəaliyyət prinsipidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmətin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim edilməsinə imkan verib.

Mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayı gündən-günə artır. Bu gün də DOST Agentliyi üçün əlamətdar gündür: 4 saylı Bakı DOST Mərkəzində sayca yarım milyonuncu vətəndaşa xidmət göstərilib.

500 mininci vətəndaşı təbrik edən F.Məmmədov ona Agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. E.Bayramlı DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından etibarən 5 DOST mərkəzi açılıb və paytaxtın 10 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov), eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faizdir.
Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi