DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı – 2021”in finalçıları siyahısında iki yer qazanıb

27 oktyabr 2021, 10:03
A+ A-
DOST Agentliyi “Avropa Sosial Xidmətlər Mükafatı – 2021”in finalçıları siyahısında iki yer qazanıb

Ölkəmizdə dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi beynəlxalq arenada da böyük maraqla qarşılanır.

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin (ASŞ) “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin finalçıları siyahısında “Texnoloji alətlər” və “Möhtəşəm heyət” nominasiyaları üzrə iki yer qazanıb.

Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyır.

Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunacaq.

DOST Agentliyinin müsabiqənin final mərhələsində iki yerlə qərarlaşması DOST konsepsiyasının Avropa məkanında sosial sahə üzrə ən mütərəqqi təcrübələrdən biri kimi tanınaraq seçildiyin bir daha göstərir.

Bundan əvvəl isə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şurasının üzvü seçilib və şəbəkənin müxtəlif tədbir və müzakirələrində fəal iştirak edib.
“Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin final tədbirinin dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Tədbirdə DOST Agentliyinin nümayəndə heyəti də finalçı və Avropa Sosial Şəbəkəsi Şurasının üzvü qismində DOST fəaliyyətinə dair təqdimatla çıxış edəcək.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi