Özünüməşğulluq proqramı əsasında cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

20 fevral 2020, 09:21
A+ A-
Özünüməşğulluq proqramı əsasında cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı əsasında respublikamızın cəbhəyanı bölgələrində də aztəminatlı ailələrin kiçik təsərrüfatlarının qurulması işləri geniş vüsət alıb.

Füzulu rayonunda son bir ildə 250-yə yaxın şəxsə proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib və onların kiçik biznesə çıxışına şərait yaradılıb. Həssas əhali qruplarından olan həmin proqram iştirakçılarının hər biri verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik ailə müəssisələrini qurublar. 

Özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan, dövlət başçısının müvafiq Sərəncamları əsasında qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən Cocuq Mərcanlı kəndini (Cəbrayıl rayonu) də əhatə edib. Cocuq Mərcanlıda sakinlərin məşğulluğunun təmin edilməsi üçün mühüm işlər aparılmaqla yanaşı, kənddə yaşayan 25 ailə üçün özünüməşğulluq proqramı çərçivəsində əsasən heyvandarlıq üzrə təsərrüfatlar yaradılıb. Bu da yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Füzuli rayonuna və Cocuq Mərcanlıya təşkil edilən mediatur çərçivəsində bir qrup KİV əməkdaşına cəbhə bölgəsində özünüməşğulluq proqramının icrası işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb. 30-a yaxın jurnalist proqrama cəlb olunanlara aktivlərin təqdim edilməsi prosesini izləyiblər. Əvvəlcə Füzuli rayon sakini Xaləddin İsmayılov üçün onun biznes-planına uyğun qurulan istixana təsərrüfatının vətəndaşa təhvil verilməsi prosesi nəzərdə keçirilib. Bildirilib ki, ümumi sahəsi 200 kvadratmetrə yaxın istixanada X.İsmayılov tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğul olacaq.

Daha sonra Füzuli rayonun Aşağı Yağlıvənd kənd sakini Heydər Qasımova avtomobil şinlərinin təmiri sexinin yaradılması, Horadiz şəhər sakini Vüsal Mehralıyevə dönərçi kimi özünüməşğulluğunu qurması üçün verilən mal və materiallara  baxış keçirilib. Jurnalistlər Cocuq Mərcanlıda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış heyvandarlıq təsərrüfatları ilə də tanış olublar.  Proqram iştirakçıları dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, dövlət başçısına minnətdarlıqlarını bildirib və kiçik ailə  təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, son bir ildə ümumilikdə Cəbrayıl rayonu üzrə də 200-ə yaxın aztəminatlı ailə üçün özünüməşğulluq proqramı əsasında kiçik müəssisələr yaradılıb.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi