TÜRKPA-nın seminarında DOST konsepsiyası barədə məlumat verildi

21 aprel 2022, 16:17
A+ A-
TÜRKPA-nın seminarında DOST konsepsiyası barədə məlumat verildi

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov TÜRKPA-nın Bakıda keçirilən seminarında çıxış edib. Seminar "Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusuna həsr olunub. Fərid Məmmədov ölkəmizdə sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması, həmçinin vətəndaş məmnunluğunun artırılması istiqamətindəki islahatlar barədə söz açıb. DOST konsepsiyasının da bu islahatların önəmli tərkib hissəsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi əhaliyə “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, həmçinin vətəndaş rahatlığı prinsipi əsasında sosial xidmətlərin göstərilməsini nəzərdə tutur. O bildirib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 154 növ xidmət göstərilir.

2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacağını deyən Fərid Məmmədov bununla da DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyini əlavə edib.

Seminarda DOST Agentliyinin DOST xidmətləri departamentinin direktoru Aygün Musayeva da təqdimatla çıxış edib. O, DOST Agentliyində göstərilən xidmətlər, o cümlədən məşğulluq istiqamətində göstərilən xidmətlər, xüsusilə də özünüməşğulluq proqramı barədə seminar iştirakçılarına məlumat verib.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Nizami Cəfərov və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, seminarın təşkilində məqsəd əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə dəstək göstərilməsi və bu məsələnin qanunvericilik səviyyəsində həlli yollarının tapılmasıdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi