Çağrı Mərkəzi 142 tərəfindən son 3 ildə 2,3 milyon vətəndaş müraciəti cavablandırılıb

22 aprel 2022, 14:15
A+ A-
Çağrı Mərkəzi 142 tərəfindən son 3 ildə 2,3 milyon vətəndaş müraciəti cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı Mərkəzi 142 tərəfindən 2019-cu ildən indiyədək 2,3 milyon vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin 41%-i Bakı şəhərindən, 59%-i ölkəmizin digər bölgələrindən daxil olub.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə onlara məlumatlar, sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilməsi təmin edilib.

Çağrı Mərkəzinin 102 nəfərdən ibarət heyəti və 5 nəfərdən ibarət könüllü dəstək qrupu fəaliyyət göstərir.

Çağrı Mərkəzi 142 tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi diqqətdə saxlanılır, lazımi tədbirlər görülür. Bununla bağlı, bir sıra layihə və təkliflər də hazırlanıb.

Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 42 saniyəyə enib. Qeyd edək ki, bu göstərici 2020-ci ildə 8 dəqiqə 31 saniyə olub.

Bu kimi tədbirlərin nəticəsi olaraq, vətəndaşların Çağrı Mərkəzi 142 məmnunluq səviyyəsi 92,6%-ə çatıb.

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da mövcud çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi əksini tapır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi