Asan Aç

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası başlayıb

19 may 2022, 12:06
A+ A-
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası başlayıb

İstanbul şəhərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası öz işinə başlayıb.

İclasın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginə və onun rəhbərlik etdiyi kollektivə təbrikini ifadə edib.

Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan S.Babayev bu inkişafın təmin edilməsində iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rola malik olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanla Türkiyənin hər zaman bir yerdə olduğunu, İkinci Qarabağ müharibəsi zamanı da bunu bir daha bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daha da gücləndirilməsinin mühüm əhəmiyyətini qeyd edən S.Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. Birgə Daimi Komissiyanın iclasının da iki nazirlik arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

V.Bilgin Azərbaycanın Türkiyə üçün dost və qardaş ölkə olduğunu vurğulayıb. İki ölkənin hər zaman bir-birinin yanında olduğunu, əlaqələrin daim inkişaf etdiyini bildirən V.Bilgin əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün səylərin daim artırıldığını vurğulayıb. Hər iki nazirliyin islahatlar prosesində fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. 

Birgə Daimi Komissiyanın iclasında iki nazirlik arasında ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərinin icrası sahəsində görülmüş işlər nəzərdən keçirilir.

Əməkdaşlığın müvafiq fəaliyyət sahələri üzrə daha da genişləndirilməsi, sosial sahədə mütərəqqi təcrübələrin tətbiqi, DOST konsepsiyası, elektron xidmətlərin geniş tətbiqi, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlilərinə reabilitasiya  xidmətlərinin göstərilməsi, əmək, məşğulluq sahəsində islahatlar  və digər sahələrdə təcrübə və məlumat mübadilələrinin aparılması müzakirə olunur. 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi